Böyük Britaniyanın tanınmış turizm şirkəti "Jet2holidays" Türkiyənin son 5 ildə xidmət göstərdikləri destinasiyalar arasında ən sürətlə böyüyən destinasiya olduğunu açıqlayıb. 2018-ci ildən etibarən şirkətin Türkiyəyə uçuş cədvəli 200 faizdən çox artıb.
Hafta.az-ın "Jet2holidays"ə istinadən yazdığına görə, artımın arxasında bir neçə amil var. Şirkət uçuş tezliyinin artması, uzun tətil mövsümü və 2019-cu ildə İzmirin uçuş cədvəlinə əlavə edilməsinin Türkiyəyə marağı artırdığına diqqət çəkib. Bundan əlavə, sərfəli qiymətlər, daim günəşli iqlim və bənzərsiz təbii gözəlliklər Türkiyəni ingilis turistlər üçün xüsusilə cəlbedici edir.
“Jet2holidays”in 2000 nəfərlə keçirdiyi sorğuda ingilis turistlərin Türkiyəni əsasən hava və iqlim şəraitinə görə seçdikləri müəyyən edilib.
Sorğunun nəticələrinə görə, respondentlərin Türkiyə haqqında bəyəndiyi ilk beş xüsusiyyət bunlardır: hava və iqlim, tarixi və mədəni zənginliyi, iqtisadi qiymətlər, dadlı qida, böyük sahillər.
Eyni sorğuda britaniyalı turistlərin Türkiyədə ən çox bəyəndiyi fəaliyyətlər və yeməklər də ortaya çıxıb. Turistlərin ən sevimli məşğuliyyətləri türk mətbəxini dadmaq, Efesdəki tarixi xarabalıqları ziyarət etmək, qədim mozaikaları araşdırmaq, ədviyyat bazarlarına getmək və türk hamamlarını yaşamaqdır. Yeməklərə gəlincə, paxlava, lokum, dönər kabab, şiş kabab və küftə öndə gedir.
"Jet2holidays"ın sözçüsü bu sorğunu Türkiyənin populyarlığının sürətlə artmasının səbəblərini anlamaq üçün təşkil etdiklərini bildirib. Respondentlərin əksəriyyəti Türkiyənin zəngin tarixini və möhtəşəm çimərliklərini tərifləsə də, maraqlısı odur ki, sorğuda iştirak edənlərin yalnız 44 faizi Ankaranı Türkiyənin paytaxtı kimi düzgün müəyyən edə bilib.